NB Baki Baki Gerb

Rayon haqqında

Haqqımızda

Xəbərlər

Hesabatlar

Layihələr

Fotoqalereya

Bələdiyyəyə sözüm var

 





Struktur

Statistika Uzvlər Əlaqə
 

    Bələdiyyənin strukturu


Bələdiyyənin strukturu Bələdiyyənin Nizamnaməsi ilə müəyyən edilir və bu Nizamnamə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Bələdiyyənin strukturu aşağıdakı kimidir:

  • Bələdiyyənin sədri və ehtiyac olarsa sədr müavini (müavinləri) bələdiyyə üzvləri tərəfindən seçilir.
  • Bələdiyyənin icra aparatı bələdiyyə iclasına hesabat verir.
  • Yerli əhəmiyyətli məsələlərin həll edilməsində bələdiyyənin daimi və başqa komissiyaları yaradılır. Bu komissiyalar bələdiyyə iclasına hesabat verir.

Bələdiyyənin İCLASI

  • Yerli qərar çıxarma prosesində mərkəzi rol oynayır və Əhalini narahat edən məsələləri müzakirə etmək üçün aylıq iclaslar keçirir və hansı məsələnin həll olunmasını səs çoxluğu ilə qərara alır.
  • Bələdiyyə qaydalarını qəbul edir
  • Yerli vergiləri və rüsumları müəyyən edir.
  • Yerli büdcəni qəbul edir və onun icrası barədə hesabat verir.
  • Daimi komissiyaların işləyib hazırladığı sosial müdafiə, sosial və iqtisadi inkişaf, ətraf mühitin qorunması üzrə proqramları təsdiq edir.
  • Bələdiyyə üzvləri arasından sədr seçir. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri və ya bələdiyyə üzvlərinin üçdə bir hissəsinin yaxud bələdiyyə ərazisində yaşayan əhalinin azı on faizinin təşəbbüsü ilə çağırılır. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.Digər qərarlar isə sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır.

Bələdiyyənin sədri və sədr müavini (bələdiyyə üzvləri bu vəzifəyə ehtiyac olduğuna qərar verərlərsə) yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyəni idarə edir və o, icra aparatının rəhbəridir. Qanunvericiliyə və bələdiyyənin nizamnaməsinə əsasən sədr :

  • Bələdiyyənin gündəlik fəaliyyətini idarə edir.
  • Əmr və sərəncamlar verir.
  • Bələdiyyənin qərarlarını imzalayır.
  • Bələdiyyənin qərarlarına əsaslanaraq bələdiyyə orqanlarının rəhbərlərini təyin edir. Bələdiyyə sədrinin müavini bələdiyyə sədri olmadıqda onun səlahiyyətlərini həyata keçirir.

Bələdiyyə üzvü seçilmiş üzvdür və onun səlahiyyət müddəti 5 ildir. O, mütəmadi olaraq seçicilərlə görüşür, əhalinin ehtiyaclarını, onları narahat edən məsələləri öyrənir və şikayətlərini dinləyir, bu barədə bələdiyyənin iclasları zamanı məsələ qaldırır. Bələdiyyə üzvü hər 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verir. Bələdiyyənin üzvü bələdiyyə proqramlarının işlənib hazırlanmasına, bələdiyyə iclaslarında müzakirə olunacaq məsələlərə dair qərar layihələrinin hazırlanmasına və yerli əhəmiyyətli məsələlərin həll olunmasına cəlb olunur.Bələdiyyənin üzvü bir və ya bir neçə daimi yaxud başqa kоmissiyalarının üzvü ola, bələdiyyənin fəaliyyətinə dair məlumat əldə edə, yerli kütləvi informasiya vasitələrindən istifadə edə, yerli icra hakimiyyətlərindən yerli əhəmiyyətli məsələlərə dair məlumat istəyə bilər.
Bələdiyyə öz səlahiyyətlərinə aid məsələlərin nəzərdən keçirilməsi, bələdiyyə qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində olan müəssisə , idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün daimi və başqa komissiyalar yarada bilər. Bələdiyyənin daimi komissiyaları aşağıda göstərilən xüsusi sahələr üzrə fəaliyyət göstərir:

  • Yerli büdcə məsələləri daimi komissiyası
  • Yerli sosial məsələləri daimi komissiyası
  • Yerli ekologiya məsələləri daimi komissiyası
  • Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyası
  • Hüquq məsələləri daimi komissiyası
  • Gənclərlə iş daimi komissiyası

Ehtiyac yaranarsa (məsələn, təbii fəlakət baş verərsə), bələdiyyə başqa kolmissiyalar da yarada bilər.Bu komissiyalar yerli sosial müdafiə və sosial inkişaf, ekologiya, yerli iqtisadi inkişaf və yerli xidmətlər üzrə proqramlar hazırlayır.Bu proqramlar müzakirə üçün bələdiyyəyə və ictimaiyyətə təqdim olunur. Komissiyalar bələdiyyə üzvlərindən, digər ekspertlərdən və adi vətəndaşlardan təşkil oluna bilər. Bələdiyyənin müvəqqəti komissiyaları gözlənilməz və ya fövqəladə hadisələr baş verdikdə (məsələn, sel və ya digər təbii fəlakətlər) yaradıla bilər. Bələdiyyənin daimi və başqa komissiyaları :

  • Sosial müdafiə, yerli ekologiya, iqtasadi inkişaf və yerli xidmət sahələri üzrə proqramlar hazırlayır.
  • Yerli məsələləri müzakirə edir və bələdiyyənin iclaslarında müzakirə olunmaq məqsədilə məlumat, qərar layihələri və digər materialları hazırlayır.
  • Bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlayır.
  • Proqramın icrasına yardım və vətəndaşların ehtiyaclarını ödəyib-ödəmədiyinə nəzarət edir. Bələdiyyənin bütün komissiyaları mütəmadi olaraq bələdiyyəyə hesabat verir. Bələdiyyənin İcra Aparatı Bələdiyyənin İcra Aparatı bələdiyyənin icra orqanıdır. Bələdiyyənin İcra Aparatı bələdiyyənin sədrindən və digər icra strukturlarının (məsələn, vergilər şöbəsi və ya bələdiyyə müəssisəsi) nümayəndələrindən ibarətdir. Bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyənin sədri rəhbərlik edir. Ümumilikdə, bələdiyyənin icra aparatı bələdiyyəyə tabedir və ona birbaşa rəhbərliyi sədr həyata keçirir.

Bələdiyyənin icra aparatı :

  • Bələdiyyəyə baxılmaq və təsdiq edilmək üçün təqdim olunan büdcə, plan, proqram və qərarların layihələrini hazırlayır.
  • Bələdiyyənin səlahiyyətlərini və qərarlarını həyata keçirir.
  • Bələdiyyə mülkiyyətini və onun istifadəsinə verilmiş digər mülkiyyəti idarə edir.
  • Bələdiyyə mülkiyyətinin texniki inventarlaşmasını aparır. İcra aparatının strukturu bələdiyyənin ərazisinə görə müəyyənləşdirilir. Məsələn, şəhər və ya rayon bələdiyyələrinin bələdiyyə funksiyalarının həyata keçirilməsinə məsul bir neçə xüsusi şöbələri var. Kənd bələdiyyələrində isə bələdiyyənin bütün funksiyalarını bir və ya iki şöbə həyata keçirir. İcra aparatı agentliklərdən, şöbələrdən və ya sosial müdafiə , sosial və ya iqtisadi inkişaf və ekologiya kimi digər bölümlərdən ibarət ola bilər.

Belə proqramları həyata keçirmək üçün işə götürülən şəxslər həmin şöbə, agentlik və ya bölümlərin rəisləri və rəis müavinləri, mütəxəssislər, müfəttişlər, vergi inspektorları və digər işçilərdir.Bələdiyyənin işçiləri (bələdiyyə qulluqçuları ) tam ödənişli mütəxəssislərdir və onlar bələdiyyə üzvləri ilə eyni hüquqi kateqoriyalara aiddirlər. Bələdiyyə qulluqçuları bələdiyyə üzvlərinin birbaşa tabeçiliyində deyil və bələdiyyə üzvlərinin səlahiyyət müddətinin qurtarması bələdiyyə qulluqçularının vəzifələrindən azad edilməsi üçün əsas ola bilməz.Bələdiyyənin qərarlarına əsasən Bələdiyyənin icra aparatı idarə və müəssisələr yarada və onların fəaliyyətinə nəzarət edə bilər. Bu hüquqi təsisatlardır və onlar qanunvericiliyə, bələdiyyənin nizamnaməsinə və qərarlarına uyğun fəaliyyət göstərirlər.

Məsələn, şəhər və rayon bəldəiyyələri tikinti, ictimai nəqliyyat və təmizlik sahələri üzrə müxtəlif müəssisələr yarada bilərlər. Bələdiyyə qərarçıxarma prosesində mərkəzi rol oynayır. Bələdiyyə sədrinin, komissiya sədrlərinin və bələdiyyənin şöbə rəhbərlərinin qanunvericilik çərçivəsində yerli məsələlərə dair qərar qəbul etmək səlahiyyəti vardır.Bələdiyyə əsas qərarları qəbul və bələdiyyə qaydalarını təsdiq edir, yerli vergiləri və rüsumları müəyyən edir, yerli büdcəni qəbul edir, büdcənin icrasına dair məlumat verir, sosial müdafiə, sosial və iqtisadi inkişaf və ətraf mühitin qorunması sahəsində yerli proqramları təsdiq edir. Yerli vergilər və ödənişlərlə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bütün digər məsələlər isə səs çoxluğu ilə qəbul olunur. Bələdiyyənin icra aparaı bələdiyyə qərarlarını həyata keçirir. Üzərinə düşən öhdəlikləri həyata keçirmək məqsədilə bələdiyyənin icra aparatı öz səlahiyyətləri daxilində müvafiq qərarlar qəbul edə bilər. Bələdiyyə bölümlərinin rəhbərləri, bələdiyyənin nizamnaməsinin müəyyən etdiyi kimi, əmrlər, təlimatlar və digər inzibati xarakterli sənədlər qəbul edə bilər.



 

Copyright (c) 2006. All rights reserved.Site created by LWN---art